Zəm-zəm quyusunun tapılması

    03.01.2024

Peyğəmbər ﷺ doğulmamışdan qabaq Zəm-zəm quyusunun üstü torpaqla örtülmüş, insanlar da bu quyunun yerini unutmuşdular. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin ﷺ babası Abdul-Muttalib demişdir: “Hicrdə yatmışdım, bu vaxt bir nəfər mənə yuxuda dedi: “Teybəni qaz!” Mən soruşdum: “Teybə nədir?” Bu vaxt həmin adam məndən uzaqlaşdı. Növbəti gün yenə həmin yerdə yatmışdım. Yenə bir nəfər yuxuda mənə dedi: “Bərranı qaz!” Mən soruşdum: “Bərra nədir?” Bu vaxt həmin adam məndən yenə uzaqlaşdı. Ertəsi gün yenə həmin yerdə yatmışdım ki, yuxuda kimsə mənə dedi: “Mədnunəni qaz!” Mən soruşdum: “Mədnunə nədir?” Bu vaxt həmin adam məndən yenə uzaqlaşdı. Növbəti gün yenə həmin yerə gəlib yatdım. Yuxuda kimsə mənə dedi: “Zəm-zəmi qaz!” Mən soruşdum: “Zəm-zəm nədir?” Bu dəfə mənə deyildi: “Heç vaxt tükənməyən, içildikcə qurtarmayan, şərəfli zəvvarların susuzluğunu yatıran çeşmədir. O, kəsilən heyvanların mədə-bağırsaqlarının içindəkilərinin atıldığı, qarğaların yuva saldığı, qarışqaların qaynaşdığı bir yerdədir”. Ravi İbn İshaq deyir: “Zəm-zəmin nə olduğu və onun harada yerləşdiyi Abdul-Muttalibə izah edildikdən sonra səhərisi gün o, övladı Haris ilə ora yollandı və həmin yeri qazmağa başladı. Həmin vaxt Abdul-Muttalibin Harisdən başqa övladı yox idi. Suyu görən kimi Abdul-Muttalib Allaha şükür edərək xeyli sevindi. Abdul-Muttalibin öz niyyətinə çatdığını eşidən qureyşlilər onun yanına gələrək dedilər: “Ey Abdul-Muttalib! Bu quyu ulu babamız İsmailindir. Buna bizim də haqqımız çatır. Bizim də bu quyuya olan haqqımızı qəbul et!” Abdul-Muttalib dedi: “Xeyr, mən buna razı olmaram! Bu iş üçün sizin iştirakınız olmadan tək olaraq seçilmişəm. Sizin aranızdan bu iş yalnız mənə həvalə olunub”. Onlar dedilər: “Bizimlə insaflı davran. Biz səndən əl çəkməyəcək və bu quyu uğrunda mübarizə aparacağıq”. Abdul-Muttalib dedi: “Elə isə aranızdan istədiyiniz bir nəfəri seçin, qoy o bu məsələ ilə bağlı öz hökmünü versin”. Onlar dedilər: “Biz Səd Huzeym tayfasından olan qadın kahini seçirik”. Abdul-Muttalib onlarla razılaşdı. Həmin qadın kahin Şamın şimalında yaşayırdı. Abdul-Muttalib atasının mənsub olduğu Abdumənaf qəbiləsindən bir dəstə adamla yola çıxdı. Dəstədə Qureyşin hər tayfasından adamlar var idi. Onlar Hicazla Şam arasında olan o zamankı əksər torpaqların boş olduğu ərazilərə yetişdilər. Abdul-Muttalibin və onun yol yoldaşlarının içməyə suyu qurtarmışdı. Ciyərləri elə yanırdı ki, öləcəklərini belə düşünürdülər. Abdul-Muttalibin yoldaşları onlarla bərabər yol gedən qureyşlilərdən içməyə su istədilər. Qureyşlilər isə imtina edib dedilər: “Biz bomboş torpaqlardayıq və qorxuruq ki, sizin kimi bizim də suyumuz qurtarsın”. Abdul-Muttalib yaxınlarının bu dözülməz vəziyyətini, özünü və onları gözləyən təhlükə və bəlanı görüb soruşdu: “Nə edək?” Yaxınları cavab verdilər: “Sənin əmrinə tabe olmaqdan başqa çarəmiz yoxdur. Nə əmr verirsənsə, ver!” Abdul-Muttalib dedi: “Hərə özü üçün gücü çatan qədər bir quyu qazsın. Kim birinci ölsə, yoldaşları onun meyidini özünün qazdığı quyuya salıb basdırsın. Sonuncu adam qalana qədər bu cür hərəkət edəcəyik”. Beləliklə, onlardan hər biri özü üçün quyu qazdı, sonra da həmin quyunun kənarında oturub ölümünü gözləməyə başladı. Sonra Abdul-Muttalib yol yoldaşlarına dedi: “Allaha and olsun ki, bu hərəkətimizlə özümüzü öz əlimizlə ölümə atırıq. Niyə bu torpaqları gəzib dolaşıb başımıza bir çarə qılmırıq? Bəlkə Allah bizə başqa bir yerdə su verdi!? Gəlin, gedək!” Onlar hazırlaşmağa və onların hərəkətlərinə göz qoyan qureyşlilərdən uzaqlaşmağa başladılar. Abdul-Muttalib də öz dəvəsinə mindi. Dəvəsi ayağa qalxanda birdən heyvanın ayaqları altından su fışqırdı. Abdul-Muttalib sevincək halda ucadan dedi: “Allahu Əkbər!” Onun yoldaşları da “Allahu Əkbər!” deyə qışqırdılar. Abdul-Muttalib və onun dəstəsi həm doyunca su içdilər, həm də qablarını doldurdular. Abdul-Muttalib qureyşlilərə müraciət edərək dedi: “Allah bizə su göndərdi. Gəlin, siz də için, qablarınızı da doldurun!” Qureyşlilər doyunca su içdikdən və qablarını doldurduqdan sonra dedilər: “Allaha and olsun, ey Abdul-Muttalib! Bu mübahisəli məsələ sənin xeyrinə həll olundu! Bundan sonra biz sənin Zəm-zəm quyusuna olan haqqına iddia etməyəcəyik. Bu susuz çöldə sənə suyu verən, Zəm-zəm suyunu da sənə vermişdir. Qayıt öz çeşmənə”. Beləliklə onlar qadın kahinin yanına getmədən Abdul-Muttalibin Zəm-zəm quyusuna olan haqqını qəbul etdilər”. (əl-Beyhəqi “Dələilun-Nubuvvə” 1/93-94; İbn Hişam, 1/142-147) .

Paylaş: