Süleyman peyğəmbərin hikmətli kəlamları

    28.03.2016

Uca Allah Davud peyğəmbərin oğlu Süleyman peyğəmbərə (onlara salam olsun) heç kəsə verilməyən mülk, güclü elm, düşüncə və heyvanların dilini anlamaq qabiliyyəti vermişdir. Bu haqda Qurani-Kərimdə deyilir: “Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür” Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar müntəzəm şəkildə yerbəyer edildilər. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”. Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (ən-Nəml, 16-19).

Suleyman peyğəmbər (əleyhis-Səlam) demişdir: “Bizə insanlara verilən və verilməyən şeylər verildi. Həmçinin, bizə insanların bildikləri və bilmədikləri şeylər öyrədildi. Biz bu üç kəlmədən daha fəzilətli bir şey tapmadıq: “Qəzəblənəndə də, razı qalanda da mülayim olmaq. Zəngin olanda da, kasıb olanda da qənaətkar olmaq. Gizlində də, aşkarda da Allahdan qorxmaq”. (İmam Əhməd “Zühd” 212).

“Biz rahat güzəranı da, çətinini də sınaqdan keçirtdik. Gördük ki, onun ən aşağı səviyyədə olanı (yaşamağa) kifayət edir”. (İmam Əhməd “Zühd” 213).

Əbud-Dərdə (Allah ondan razı olsun) demişdir: “Suleyman ibn Davudun (əleyhis-Səlam) oğlu öldükdə o, çox kədərləndi. Hətta bu onda və onun hökmündə bilinirdi. Həmin gün iki mələk (insan qiyafəsində) mühakimə olunmaq üçün gəlib onun qabağında durdular. Onlardan biri dedi: “Mən bir toxum əkdim. Nəhayət, kök salıb yetişdikdə bu (adam) onun üstündən keçərək onu məhv etdi”. Suleyman ona dedi: “Nə deyirsən?” O dedi: “Doğru söylədi. Mən yolla gedirdim, qarşıma əkin çıxdı, sağa-sola baxdım və başqa yol olmadığı üçün onun üzərindən keçdim”. Suleyman (əleyhis-Səlam) digərinə dedi: “Nə üçün yolun üstündə toxum əkirsən, məgər yolun insanların gediş-gəliş yeri olduğunu bilmirsən?” O dedi: “Ey Suleyman, elə isə öləcəyini və bütün insanların Axirətə yollanacağını bildiyin halda nə üçün oğluna görə kədərlənirsən?” (İbn Əbu Şeybə “Musannəf” 35413).

Suleyman peyğəmbər (əleyhis-Səlam) demişdir: “Gecəni yuxu ilə, gündüzü and içməklə keçirən bir tacirin necə xilas olmasına təəccüblənirəm”. (İmam Əhməd “Zühd” 216).

Süleyman ibn Davudun (əleyhis-Səlam) min evi var idi. Ən yüksəyi büllurdan, ən aşağı olanı isə dəmirdən idi. Süleyman bir gün küləyə minib bir əkinçinin yanından keçirdi. Əkinçi ona baxıb dedi: “Həqiqətən də Davud ailəsinə əzəmətli mülk verilmişdir”. Külək əkinçinin bu sözünü Süleymanın (əleyhis-Səlam) qulağına çatdırdı. O da enib əkinçinin yanına gələrək dedi: “Mən sənin sözünü eşidib yanına gəldim ki, taqət gətirə bilməyəcəyin şeyi təmənna etməyəsən. Şübhəsiz ki, Allahın qəbul edəcəyi bir təsbih ("subhanallah" demək) Davud ailəsinə veriləndən daha xeyirlidir”. Əkinçi dedi: “Mənim kədərimi apardığın kimi, Allah da sənin kədərini aparsın”. (İmamƏhməd “Zühd” 214).

Bir gün ölüm mələyi Suleymanın (əleyhis-Səlam) yanına gəldi və orada oturan bir adama davamlı olaraq baxmağa başladı. Mələk çıxıb getdikdə kişi dedi: “Bu kimdir?” Suleyman dedi: “Bu Ölüm mələyidir”. Adam dedi: “Onun mənə baxdığını gördüm, sanki canımı almaq istəyirdi”. Suleyman: “Nə istəyirsən?”- dedikdə, adam dedi: “İstəyirəm ki, məni küləyin üzərində Hindistana göndərəsən”. Suleyman küləyi çağırdı və külək də adamı aparıb Hindistanda düşürtdü. Sonra ölüm mələyi Suleymanın yanına gəldi. Suleyman dedi: “Sən mənim yanımda oturanlardan birinə davamlı olaraq baxırdın”. O da dedi: “Ona heyrət edirdim. Mən onun ruhunu Hindistanda almaqla əmr olundum. O isə sənin yanında oturmuşdu”. (Əhməd ibn Hənbəl “əz-Zuhd” 220)

Paylaş: