Zəkatın dini əhəmiyyəti

    12.03.2015

Zəkat, İslamın əsaslarından və fərz əməllərindən biridir.
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq"[1].
Qurani Kərimin səksən iki ayəsində zəkat namazla bərabər qeyd edilmişdir (bu isə onun hansı dərəcədə əhəmiyyətli olduğundan xəbər verir. tər.).
 
Zəkatın verilməsinə təşviq
 
Allah təala buyurur: "(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir."[2]
Allah təala buyurur: "(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!"[3]

Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə buyurduğunu xəbər verir: "Kim öz halal qazancından bir xurma dəyərində sədəqə verərsə, uca Allah bunu sağ əli ilə qəbul edib, sizin öz dayçanızı böyüdüb dağ boyda etdiyiniz kimi, O da həmin malı sədəqə sahibi üçün o qədər bərəkətləndirər. Heç şübhəsiz, Allah yalnız halalı qəbul edir"[4].

 
[1] Buxari: 1/ 49/ 8. Müslim: 1/ 45/ 20/ 16. Tirmizi: 4/ 119/ 2736. Nəsai: 8/ 107. Hədisin bu tərtibatı Müslimə məxsusdur.
[2] ət-Tövbə: 103.
[3] ər-Rum: 39.
[4] Buxari: 3/ 278/ 1410. Müslim: 2/ 702/ 1014. Tirmizi: 2/ 85/ 656. Nəsai: 5/ 57.