Allahın "əl-Bəri" və "əl-Musavvir" adlarının mənası

    21.01.2015

əl-Bəri sözü var edən, xəlq edən deməkdir. əl-Bəri hər şeyi icad edən, hər şeyi xəlq edəndir. əl-Bəri olan Allah, məxluqlarını fərqli yaradan və onları bir-birinə uyğun olaraq qurandır. Uca Allah buyurur:
“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi?" (əl-Mülk, 3).
Allahın əl-Bəri adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur: “O, Xaliq, yoxdan Yaradan (əl-Bəri), Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (əl-Həşr, 24).
Həmçinin buyurur: “O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir” (əl-Bəqərə, 54).
əl-Musavvir sözü isə surət verən deməkdir. əl-Musavvir məxluqlarını istədiyi şəklə salaraq yaradandır. Uca Allah buyurur: “Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı” (əl-İnfitar, 6-8).
Allahın əl-Musavvir adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur: “O, Xaliq, yoxdan Yaradan, Surətverən (əl-Musavvir) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (əl-Həşr, 24).
 
 

 

Paylaş: