Allahın Peyğəmbərini ﷺ şirkdən qoruması

    10.04.2024

Fil ilindən öncə ərəblər arasında Hums fikri ortaya çıxmışdı. Ərəblər İbrahimin dinindən qalan adətlərə zidd qaydalar qoymağa başladılar. Belə ki, onlar Məkkəni ziyarətə gələnlərə özləri ilə gətirdikləri yeməkdən yeməyə icazə vermir, yalnız özlərinin pak adlandırdığı yeməkləri yeməyin icazəli olduğunu təbliğ edirdilər. İş o yerə çatmışdı ki, Məkkəyə ziyarətə gələn adam qureyşlilərin adlandırdıqları pak paltarlardan tapmazdılarsa, Kəbəni lüt təvaf etməli idilər. Kişilər lüt, qadınlar isə bütün paltarlarını çıxarıb tək bir paltarda təvaf etməli idilər. Beləliklə ərəblər İbrahim peyğəmbərdən qalan hənif dinini tamamilə təhrif etmiş və ondan çox uzaqlaşmışdılar. (İbn Hişam, 23-25). Beləliklə, Peyğəmbər ﷺ bu cəmiyyət arasında böyüyürdü. Ətrafda olan insanlar bütlərə ibadət etdikləri halda Peyğəmbər ﷺ heç vaxt onlara ibadət etməmişdir, çünki Uca Allah onu qoruyurdu. O, içki içməz, Allahdan qeyrisinin adına kəsilən heyvanların ətindən yeməz, bütlər üçün təşkil olunan mərasimlərdə iştirak etməzdi. O, hələ uşaq vaxtlarından batil inanclardan uzaq gəzər, bütlərə yaxınlaşmazdı. Bu, onun ən çox nifrət etdiyi mərasim idi. Bütlərə o qədər nifrət edərdi ki, Lat və Uzzaya and içiləndə səbir edə bilmirdi. (ət-Tabəri “Tarix” 2/161). Əmisi Əbu Talibin ailəsində böyüsə də, Əbu Talib bütlərə ibadət etdiyi halda Peyğəmbər ﷺ heç vaxt bütlərə ibadət etmirdi. Onun bütlərə qarşı qəzəbi elə bir həddə idi ki, bütlərə əlini belə vurmur və kahin və falçılara müraciət etməzdi. Xədicə bint Xuveylidin qonşusu rəvayət edir ki, Peyğəmbərin ﷺ Xədicəyə belə dediyini eşitmişdir: “Ey Xədicə! Allaha and olsun ki, nə Lata, nə də Uzzaya ibadət etməmişəm”. (Əhməd, 17947, 17976, 18111). Peyğəmbər ﷺ Şama ticarət üçün gedəndə rahib Bəhira Peyğəmbəri ﷺ yoxlamaq üçün ona bütlərə and içməsini istədikdə Peyğəmbər ﷺ buyurmuşdur: “Uzza və Lata görə məndən bir şey istəməyin. Allaha and olsun ki, bu ikisindən çox nifrət etdiyim şey yoxdur”. (İbn İshaq, 1/219). Rəvayət edilir ki, müşriklərin dəmirdən düzəltdikləri İsəf və Nailə adlı iki bütləri var idi. Müşriklər Kəbəni təvaf edərkən onlara əl sürtərdilər. Zeyd ibn Harisə deyir: “Mən peyğəmbərlikdən qabaq Allah Elçisi ilə birlikdə təvaf edirdim və onlara əl sürtdüm. Peyğəmbər ﷺ buyurdu: “Ona əl sürtmə!” Zeyd deyir: “Mən öz-özümə dedim: “Yenə sürtəcəm görüm nə deyəcək”. Yenə əl sürtmək istədikdə dedi: “Sənə deməmişdim ona əl sürtmə?!” Zeyd deyir: “Həqiqətən, o, ən səxavətli idi. Ona Kitabı nazil edən Allaha and olsun ki, Allah onu uşaqlıqdan qorumuşdur”. ən-Nəsəi “Sunənul-Kubra” 8132; əz-Zəhəbi “Siratun-Nəbəviyyə” 1/73.). Peyğəmbər ﷺ öz qövmü arasında gözəl əxlaqı, gülər üzü, xeyirxahlığı, əhdinə vəfalılığı və doğruluğu ila seçilirdi. O, camaatın sonsuz inamını qazanmışdı. Bütün bu xüsusiyyətlərin onda cam olmasına görə camaat ona “Əmin” (əmanətə xəyanət etməyən, əmin insan) adını vermişdi. (əl-Mubarakfuri “ər-Rahiq əl-Məxtum” 1/48).

Paylaş: