Həlimənin Allah Elçisini ﷺ götürdükdən sonra xeyir-bərəkət tapması

    11.02.2024

Bu hadisə Həlimənin dilindən belə rəvayət edilmişdir: “Qucağımda körpə uşaq və ərimlə birlikdə Səd ibn Bəkr tayfasının qadınları ilə əmizdirmək üçün uşaq götürmək niyyətilə Məkkəyə gəlmişdim. Həmin il qıtlıq və quraqlıq olduğundan hər şeyimiz tükənmiş, yeməyə belə heç nəyimiz qalmamışdı. Mən ağ rəngli ulağıma minmişdim. Qocalmış dəvəmiz də yanımda idi. Allaha and olsun ki, gecə yata bilmirdik, çünki körpəmiz acından ağlayırdı. Nə mənim, nə də qoca dəvəmin döşündə süd yox idi ki, körpəyə verək. Çıxış yolu axtarır və vəziyyətimizi bir az yüngülləşdirmək istəyirdik. Ona görə başqa qadınlarla birlikdə Məkkəyə yollandıq ki, südəmər uşaq götürüb saxlayaq. Bizimlə olan qadınlara Allahın Elçisini götürməyi təklif etsələr də, yetim olduğunu bilib ondan imtina edirdilər. Mən özüm də onu götürməyə razı olmamışdım. Səbəbi isə o idi ki, süd verəcəyim körpənin atasından yaxşı pul almaq istəyirdik. Yetim olduğunu biləndə dedik: “Onun anası və babası bizə nə verəcək ki?” Yalnız bu səbəbdən ondan imtina etdik. Mənimlə birlikdə gələn qadınların hamısı artıq saxlamaq üçün uşaq götürmüşdülər, bircə məndən başqa. Biz geri dönməyə hazırlaşırdıq ki, ərimə dedim: “Allaha and olsun ki, mən əliboş qayıtmayacağam. Rəfiqələrimin hamısı uşaq götürüblər, mən isə əliboş qayıtmalıyam? Allaha and olsun ki, gedib o yetim uşağı götürəcəyəm”. Ərim dedi: “Etirazım yoxdu, bəlkə onunla Allah bizə ruzi-bərəkət vdrdi!” Həlimə deyib: “Mən başqa uşaq tapa bilmədiyimə görə qalıb onu götürdüm və karvanımızın dayandığı yerə qayıtdım, sonra bir döşəkçənin üstündə oturdum, körpəni də qucağıma aldım. Körpəni qucağıma alan kimi döşlərim südlə doldu və körpə doyunca süd əmdi. Onunla birlikdə öz körpəm də Allah Elçisinin süd qardaşı doyunca süd əmdi. Sonra körpələrin ikisi də yuxuya getdi. Ərim isə qoca dəvəmizə yaxınlaşanda dəvənin də döşlərinin südlə dolu olduğunu gördü. Ərim onu sağdı, birlikdə doyunca süd içdik, gecəni də çox rahat yatdıq. Səhər tezdən yuxudan oyananda ərim dedi: “Allaha and olsun ki, ey Həlimə! Deyəsən sən xeyirxah bir məxluqu götürmüsən”. Mən cavab verdim: “Vallah, mən özüm də bunu istərdim”. Sonra biz yurdumuza qayıtmağa hazırlaşdıq. Mən ulağıma mindim, körpəni də qucağıma aldım. Allaha and olsun ki, elə sürətlə gedirdim ki, rəfiqələrim mənə: “Ey Əbu Zueybin qızı, vay olsun sənə! Niyə elə sürətlə gedirsən? Məgər mindiyin əvvəlki ulaq deyil?” deyə soruşdular. Onlara deyirdim: “Hə, vallah, həminki ulaqdır”. Onlar deyirdilər: “Allaha and olsun, ona nəsə olub!” Biz tayfamız Sədin yurduna gəldik. Mən yer üzündə Allahın bu yurd kimi bərəkətsiz bir yurd tanımırdım. Buna baxmayaraq qoyunlarım axşamlar qarnıtox və bol südlə qayıdır, biz də onların südünü sağıb içirdik. Başqaları isə qoyunlarında bir damcı belə süd götürə bilmirdilər, çünki onların qoyunlarının döşləri boş idi. Oturaq əhali olan həmtayfalarımızdan bəzisi öz çobanlarına deyirdilər: “Vay olsun halınıza! Qoyunları Əbu Zueybin qızının çobanının qoyunları otarılan yerdə otarın!” Allah Elçisi iki yaşı tamam olana və mən onu döşdən ayırana qədər Allah bizdən Öz xeyir və bərəkətini azaltmadı. Artıq Allah Elçisi xeyli böyümüşdü. O, həmyaşıdlarına oxşamır, yaşından xeyli böyük görünürdü. Biz onu anasının yanına gətirdik, baxmayaraq ki, yanımızda qalmasını çox istəyirdik, çünki onun bizə nə qədər ruzi bərəkət gətirdiyini görmüşdük. Anasına dedik: “Oğlunun həddi-büluğa çatana qədər yanımızda qalmasını istəyirik, çünki Məkkənin vəbasından qorxuruq”. Anası razı olana qədər biz ona yalvardıq”. (İbn Hişam, 298-300).
 

Paylaş: