Peyğəmbərin ﷺ Xədicə ilə evlənməsi və onların övladları

    16.01.2024

Ticarətlə məşğul olan Xədicə bint Xuveylid adlı-sanlı və çox varlı qadın idi. Xədicə öz işlərini aparmaq üçün bəzi adamlara pul və mal verir, onlarla ortaqlıq edirdi. Qureyş ticarətlə məşğul olan bir tayfa idi. Xədicə Allah Elçisi haqqında artıq eşitmişdi. Onun sözdə bütöv, səmimi və xoşxasiyyət insan olduğunu bilirdi. Ona görə arxasınca adam göndərdi və ona mallarını satmaq üçün Şama getməyi təklif etdi. Allah Elçisi özü ilə Xədicənin Meysərə adlı köləsini də götürməli idi. Allah Elçisi Xədicənin təklifini qəbul edib onun malları və Xədicənin köləsi Meysərə ilə birlikdə səfərə çıxdı. (İbn Hişam, 2/5-6). Peyğəmbər karvana başçılıq edərək Şam ərazisində olan Busraya getdi. Busrada bir rahibin kilsəsinə yaxın olan yerdə bir ağacın altında dayandılar. Rahibin adı Nəstur idi. Nəstur Meysərəyə baxaraq dedi: “Bu ağacın altında oturan kimdir?” Meysərə dedi: “Haram bölgə­sindən Qureyşdən olan bir nəfərdir”. Nəstur dedi: “Bu ağacın altında ancaq Peyğəmbər oturar. Onun gözündə qırmızılıq var. O qırmızılıq onun gözündə həmişə qalacaq”. Bundan əlavə Meysərə yolda qəribə hadisə də görmüşdü. Belə ki yol boyu Peyğəmbərin başının üzərində bir bulud onu kölgələndirirdi. Meysərə onu yoxlamaq üçün Peyğəmbərə dedi: “Gəl qaçaq!” Qaçanda bulud da sürətini artırmışdı. Şama gedib-gələnə qədər bu bulud Peyğəmbərinin başının üzərindən uzaqlaşmadı. (İbn Səd “Tabaqatul-Kubra” 1/61-62). 

Allah Elçisi Məkkəyə qayıtdıqda Xədicə əvvəllər görmədiyi sadiqliyin və malındakı bərəkətin şahidi oldu. Meysərə səfər boyu Allah Elçisindən gördüyü dərin zəkanı, yüksək əxlaqı, düz qərar çıxartma qabiliyyətini, əminliyi, düzgünlüyü və sair müsbət keyfiyyətləri Xədicəyə danışdı. Peyğəmbərin Şam səfərindən qayıdıb Xədicənin yanına gəlməsindən qabaq Xədicə bir yuxu görmüşdü. Yuxuda görür ki, günəş və ya ay evin içinə daxil olur. Xədicə də yuxusunu əmisi oğlu Varaqa ibn Nofələ danışdıqda o dedi: “Əgər Peyğəmbər peyda olsa, sənin evinə girəcək”. Xədicə Qureyşin ən hörmətli qadını idi. Peyğəmbərin gözəl xüsusiy­yət­lərini artıq xəbər tutmuşdu. Xədicə bilirdi ki, bir çoxları öz qızlarını Allah Elçisinə ərə vermək üçün can atırdı. Buna baxmayaraq Allah Elçisi onlarla evlənməyə razı olmurdu. Xədicə Allah Elçisi ilə evlənmək qərarına gəldi və bunu rəfiqəsi Nəfisə bint Muneyyəyə bildirdi. Nəfisə də bu xəbəri Allah Elçisinə çatdırdı. Əmiləri ilə məşvərətdən sonra Əbu Talib və Həmzə ibn Abdul-Muttalib onları nişanladı. Allah Elçisinin Şamdan qayıdışından iki ay sonra məni Şam və Mudar qəbiləsinin başçıları toy günü bir yerə toplaşmışdılar. Bu yığıncaqda iki dəvə kəsmişdilər. Həmin vaxt Xədicə qırx yaşlarında tayfasının ən ağıllı, ən varlı və məşhur soy kökə malik qadını idi. Allah Elçisi ilk dəfə evlənəndə onunla evlənmiş və onunla yaşadığı müddətdə başqa qadınla ilə evlənməmişdi. (İbn Hişam, 2/8).
Rəvayət edilir ki, oğlu İbrahimdən başqa onun qalan uşaqlarını Xədicə dünyaya gətirmişdir. Bunlar, Qasim - onun adı ilə Muhəmmədə Əbul-Qasim kunyəsi verilmişdir. Sonra Zeynəb, Ruqayyə, Ummu Kulsum, Fatimə və Abdullah dünyaya gəlmişlər. Oğlanlarından böyüyü Qasim, sonra Abdullah, qızlardan isə Ruqayyə, sonra Zeynəb, Ummu Kulsum və Fatimə dünyaya gəlmişlər. Fatimə peyğəmbərlik verilməmişdən beş il qabaq dünyaya gəlmişdi. Peyğəmbərlik veriləndən sonra isə dünyaya gələn Abdullah olmuşdur. Bu qızların hamısı İslama qədər yaşamış və İslamı qəbul etmişdir. Peyğəm­bərlə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdilər. İbrahimə gəlincə, onun anası Mariya əl-Qibtiyyədir. İbrahimin anası Mariyanı Allah Elçisinə Misir hökmdarı Muqavqis hədiyyə etmişdir. Mariya Misirin Ənsina bölgəsinin Həfən kəndindən idi. (İbn Hişam, 2/9).
Rəvayət edilir ki, İbn Abbas demişdir: “Peyğəmbərin ilk övladı olan Qasim Məkkədə vəfat etdi. Sonra Abdullah vəfat etdi. As ibn Vail isə dedi: “Onun övladları vəfat edib. O sonsuzdur”. Allah bu ayəni nazil et­di: “Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur” (əl-Kovsər, 3)”. (İbn Səd “Tabaqatul-Kubra” 1/63).

Paylaş: