Peyğəmbər ﷺ ilə rahib Bahiranın əhvalatı

    09.01.2024

Rəvayət edilir ki, Peyğəmbər ﷺ hələ kiçik olarkən əmisi Əbu Talib alış-veriş məqsədilə Şama getmək üçün səfər hazırlığını bitirib yola çıxdığı zaman Allah Elçisi ﷺ israrla onu da özü ilə aparmağı xahiş etdi. Əbu Talib də ondan ayrılmaq istəmədiyinə görə dedi: “Allaha and olsun! Mən onu özümlə aparacağam, o məndən ayrılmayacaq”. Beləcə, Əbu Talib onu da özü ilə götürdü. Karvan Şamın Busra şəhərinə yetişdi. Şəhərin bir monastırında Bahira adlı rahib yaşayırdı. Xristianlığı çox dərindən bilən Bahira, rahib olandan bəri daim kilsədə qalırdı. Bu kilsədə yaşayan rahiblər öz biliklərini bir kitabdan əldə edirdilər. Həmin kitab miras olaraq böyükdən böyüyə keçirdi. Ticarət karvanı Bahiranın kilsəsinin yanında dayanmışdı. Bundan əvvəl də karvan onun yanından keçərdi, lakin rahib karvandakılarla qətiyyən danışmaz, onların gözündən uzaq olardı. Amma bu il karvan kilsənin yaxınlığında dayananda rahib onlara çoxlu yemək hazırlatdırdı. Bunun səbəbi rahibin kilsəsindən Peyğəmbəri ﷺ görməsi olmuşdu. Allah Elçisinin ﷺ başı üzərində onun üstünə kölgə salan bir bulud var idi. Bu mənzərəni müşahidə edən Bahira kilsədən çıxdı. Bahira bir nəfəri karvandakıların yanına göndərib dedi: “Ey qureyşlilər! Mən sizin üçün yemək hazırlatdırmışam. Cavanlarınızın da, qocalarınızın da, kölələrinizin də, azad olanlarınızın da süfrə başına gəlməsini istəyirəm”. Qureyşlilər hamısı Bahiranın yanına toplandı, amma Allah Elçisi ﷺ onların arasında yox idi. O, yaşca hamıdan kiçik olduğuna görə dəvələrin yanında qaldı. Bahira gələnlərə göz gəzdirdi, lakin həmin uşağı onların arasında görmədiyinə görə soruşdu: “Ey qureşlilər! Sizdən heç kəs süfrəmdən kənar qalmamalıdır!” Qureyşlilər dedilər: “Ey Bahira! Bir uşaqdan başqa süfrəndən kənar qalan yoxdur”. Bahira dedi: “Onu da çağırın, qoy o da sizinlə birlikdə süfrə başında otursun”. Qureyşlilər dedilər: “Lata və Uzzaya and olsun! Abdullah ibn Abdul-Muttalibin oğlunu süfrədən kənarda qoymaq bizə yaraşmaz!” Sonra həmin qureyşli Muhəmmədin ﷺ yanına gedərək onu gətirib süfrə başında oturtdu. Bahira bildiyi xüsusiyyət və əlamətləri axtararaq çox diqqətlə Muhəmmədə baxmağa başladı. Hamı yeyib-içib dağılışdıqdan sonra Bahira ona yaxınlaşıb dedi: “Ey oğlan, Lata və Uzzaya and verirəm, səndən soruşacaqlarıma cavab ver”. Bahira qureyşlilərdən belə and eşitdiyinə görə bu andı demişdi. Allah Elçisi ﷺ ona dedi: “Lat və Uzzanın xatirinə məndən heç nə soruşma! Allaha and olsun, bunlar qədər nifrət etdiyim başqa bir şey yoxdur”. Bahira dedi: “Yaxşı, onda Allah xatirinə məndən soruşacaqlarıma cavab ver”. Allah Elçisi ﷺ dedi: “İndi istədiyini məndən soruş”. Bahira Muhəmmədin ﷺ yuxuları, əlamətləri, işləri barədə suallar verməyə başladı. Bahiranın zühur edəcək peyğəmbərin əlamətləri haqda bildikləri ilə Muhəmmədin ﷺ dedikləri tam üst-üstə düşürdü. Sonra Bahira diqqətlə Allah Elçisinin ﷺ kürəyinə baxdı və onun çiyinləri arasında peyğəmbərlik möhürünü gördü. Bahiranın bildiyinə görə bu möhür məhz həmin yerdə olmalı idi. Allah Elçisi ﷺ ilə söhbəti bitirdikdən sonra Bahira onun əmisi Əbu Talibə yaxınlaşdı və dedi: “Bu oğlan sənin nəyindir?” Əbu Talib dedi: “Oğlum”. Bahira ona dedi: “O, sənin oğlun deyil. Bu oğlanın atası sağ olmamalıdır”. Əbu Talib dedi: “O, mənim qardaşımın oğludur”. Bahira dedi: “Bəs onun atası hardadər?” Əbu Talib dedi: “Hələ anası hamilə ikən vəfat etmişdir”. Bahira dedi: “İndi düzünü dedin. Qardaşın oğlu ilə dərhal öz yurdunuza qayıt. Onu yəhudilərdən qoru. Allaha and olsun ki, əgər yəhudilər qardaşın oğlunu görüb mənim onun haqqında bildiklərimi öyrənsələr mütləq ona ziyan yetirməyə çalışacaqlar. Sənin qardaşın oğlunun qeyri-adi taleyi var. Onunla birlikdə yurdunuza qayıtmağa tələs”. (İbn Hişam, 1/319-322).
Əbu Musanın etdiyi rəvayətdə rahib Allah Elçisinin ﷺ yanına gələrək əlindən tutdu və belə dedi: “Bu, aləmlərin ağasıdır. Bu, aləmlərin Rəbbinin elçisidir. Allah onu aləmlərə rəhmət olaraq göndərəcək”. Ağsaqqal qureşlilər dedilər: “Hardan bilirsən?” Rahib dedi: “Siz təpəni aşdığınız vaxt səcdəyə qapanmayan nə bir ağac, nə də bir daş qalmışdı. Onlar da ancaq peyğəmbər olacaq kimsələrə səcdə edərlər. Onun kürək sümükləri arasında meyvə böyüklüyündə peyğəmbərlik möhürünü də tanıdım...”. Qureyşlilər süfrə başında olanda bir ağacın kölgəsi onun üzərinə əyilmişdi. Rahib dedi: “Baxın, ağacın kölgəsi onun üzərinə doğru əyilib”. Rahib onların yanında olduqda onu Şam tərəfə rumluların diyarına aparmamalarını istədi, çünki rumlular onu tanısaydılar öldürə bilərdilər. Rahib orda olarkən rumlulardan yeddi nəfəri gördü və onları qarşılayaraq onlardan soruşdu: “Sizi buralara nə gətirib?” Onlar dedilər: “Gələcək olan peyğəmbər bu aylarda çıxacaq. Elə bir yer qalmadı ki ora adam göndərməyək. Biz də bu xəbəri eşidib sənin ərazinə göndərildik”. Rahib dedi: “Sizdən arxada sizdən daha xeyirli kimsə varmı?” Onlar dedilər: “Bizə bildirildi ki, o, sənin olduğun bölgədə ola bilər”. Rahib dedi: “Allahın edəcəyi bir işin qarşısını insanlardan kimsə ala bilərmi? Buna kimin gücü çatar?” Onlar: “Xeyr” dedilər... Sonra Əbu Talib Şama getməyərək Muhəmmədi ﷺ götürüb Məkkəyə qayıtdı”. (ət-Tirmizi, 3620, 3980; əl-Hakim, 4229. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5918).

Paylaş: