Peyğəmbərlərin ﷺ qoyun otarmalarının hikməti

    04.11.2023

Bildiyimiz kimi Muhəmməd Peyğəmbər ﷺ Məkkədə olanda uşaq vaxtı Bəni Səd tayfasının qoyunlarını otarırdı. Peyğəmbər ﷺ bu haqda belə buyurur: “Allahın göndərdiyi peyğəmbərlərin hamısı qoyun otarmışlar”. Səhabələr: “Sən də?”– deyə soruşdular. O dedi: “Bəli, mən bir neçə qirata məkkəlilərin qoyunlarını otarardım”. (əl-Buxari, 2102, 2262). Rəvayət edilir ki, bir gün dəvə sahibləri ilə qoyun sahibləri bir-birinin yanında öyünməyə başladılar. Onda Peyğəmbər ﷺ buyurdu: “Musa qoyun otaran çoban ikən peyğəmbər göndərildi. Habelə, Davud qoyun otaran çoban ikən ona peyğəmbərlik verildi. Eləcə də, mən Əcyad deyilən yerdə ailəmin qoyunlarını otaran çoban ikən peyğəmbər göndərildim”. (əl-Buxari “Ədəbul-Mufrad” 577; ət-Tayəlisi “Musnəd” 1407). İslam alimləri peyğəmbərlərin çoxunun qoyun otarmalarının hikmətlərindən aşağıdakıları qeyd etmişlər:
-    insanlarla davranmalarını öyrətmək üçün uşaq vaxtından buna alışmaları; məsələn, heç bir peyğəmbər dəvə otarmayıb, çünki dəvələr kinlidir və onu otaran adamlarda sərtlik əmələ gəlir.
-    qoyun digər heyvanlara nisbətən zəifdir və onu otaran adam daima onları nəzarətdə saxlayıb qeydlərinə qalmalıdır; başqa ev heyvanları isə belə deyil;
-    başqalarına nümunə olmaq üçün Allah onları insanın öz zəhməti ilə qazanmasını bildirməsi;
-    qoyun otaran adamlarda müəyyən bir təvazökarlıq və mülayimlik var və s.
Uca Allah Qurani-Kərimdə onun haqda buyurur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər...” (Ali-İmran, 159).

Paylaş: