Rəsulullahın əsil-nəsəbi

    01.10.2019

O, Adəm oğullarının ən hörmətlisi və peyğəmbərlərin ən üstünü olan Əbul-Qasim Muhəmməddir. O, Əhməd, Mahi, Haşir, Aqib, Muqaffə, Nəbiyyur-Rahmə və Nəbiyyul-Məlhəmədir. Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.” (Səhih əl-Buxari, 3532).

Rəvayət edilir ki, Huzeyfə ibn Yəmən demişdir: “Bir gün mən Mədinənin küçələrindən birində Peyğəmbərə rast gəldim. O mənə öz adlarını sadalayıb dedi: “Mən həm Muhəmməd, həm də Əhmədəm, mən həm Rəhmət peyğəmbəri, həm də Tövbə peyğəmbəriyəm, mən həm Muqəffəyəm, həm də Haşirəm və bir də Döyüşlər peyğəmbəri Nəbiyyul-Məlhəməyəm.” (Səhih əl-Buxari, 3339).

Onun atası Abdul-Muttalibin oğlu Abdullah, anası isə Vəhb ibn Abdu Manaf ibn Zuhra ibn Kilab ibn Murranın qızı Əminədir.

Abdul-Muttalib Peyğəmbərin babasıdır. Onun Abdullahdan başqa əl-Haris, əz-Zubeyr, Həmzə, Abbas (künyəsi Əbul-Fəzldir), Əbu Talib (əsil adı Abdu Manafdır), Əbu Ləhəb (Abdul-Uzza) adlı oğulları olmuşdur. Bunlar Peyğəmbərimizin əmiləridir. Onların dəqiq sayı barədə alimlər arasında fikir ayrılığı vardır. Habelə, onun Safiyyə, Atikə, Ərva, Əmimə, Bərra və Ummu Hakim (Beyda) adlı bibiləri olmuşdur.

Peyğəmbərin babası Abdul-Muttalibin əsil adı isə Şeybətul-Həmddir. Abdul-Muttalib Həşimin oğludur, onun əsil adı Amrdır. Onun babaları isə Abdu Manaf, Quseyy (Zeyd), Kilab, Murra, Kəb, Lueyy, Ğalib, Fihr, Malik, ən-Nadr, Kinanə, Xuzeymə, Mudrikə, İlyas, Mudar, Nizar, Məad və Adnən olmuşdur.

Rəsulullahın atası və anası eyni nəsildən olaraq onun beşinci babası Kilabda birləşirlər. 

Bütün ərəb qəbilələri Adnanın oğullarına nisbət olunurlar. Peyğəmbərimizin nisbət olunduğu Qureyş qəbiləsi isə Fihr ibn Malik ibn ən-Nadr ibn Kinanənin nəslindən sayılır. Deyilənə görə Qureyş bütövlükdə ən-Nadr ibn Kinanədir. Buna əl-Əş`əs ibn Qeys adlı səhabənin rəvayət etdiyi hədis dəlalələt edir. O demişdir: “Bir gün mən Kində qəbiləsindən olan bir camaat ilə Allah elçisinin yanına gəldim. Mən soruşdum: “Siz bizdən deyilsinizmi?” O buyurdu: “Xeyr, biz ən-Nadr ibn Kinanənin oğullarıyıq, anamıza nisbət olunmuruq, əcdadımızı da inkar etmirik.” (İbn Macə, 2612).

Peyğəmbərin Adnana qədər olan nəsəbi məlumdur və dəqiq bilinməkdədir. Adnan İsmayıl peyğəmbərin nəslindəndir. Lakin Adnanla İsmayıl peyğəmbər - əleyhis-salam - arasında olan nəsəb və onların sayı barədə səhih bir rəvayət yoxdur. 

Uca Allah buyurur: “İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: "Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm". Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir” (əş-Şura, 23).

Görkəmli İslam alimi İbn Abbas demişdir: “Qureyşdən olan elə bir nəsil yoxdur ki, Allah elçisi ilə onların arasında qohumluq olmasın.”

Uca Allah Muhəmməd peyğəmbəri Qureyşdən seçmişdir. Rəvayət edilir ki, Rəsulullah demişdir: “Allah İsmayıl oğullarından Kinanəni, Kinanədən Qureyşi, Qureyşdən Həşim oğullarını, Həşim oğullarından isə məni seçdi.” (Səhih Muslim).

Peyğəmbər demişdir: “Qiyamət günü mən Adəm övladının ən hörmətlisi olacağam, lakin mən bununla lovğalanmıram. Həmin gün mən əlimdə həmd bayrağı tutacağam, lakin mən bununla lovğalanmıram. O gün peyğəmbərlərin hamısı mənim bayrağımın altında toplanacaqlar. Habelə qəbri açılacaq ilk kimsə də mən olacağam, lakin mən bununla lovğalanmıram”. (Sunən ət-Tirmizi, 3975).

Paylaş: