"ət-Tariq" surəsinin izahı

    09.08.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. And olsun səmaya və gecə yolçusuna! 2. Sən nə bilirsən ki, gecə yolçusu nədir? 3. Bu, qaranlıqları dəlib keçən ulduzdur. 4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın! 5. Qoy insan nədən yaradıldığına bir baxsın! 6. O, süzülüb tökülən bir mayedən yaradılmışdır. 7. Bu maye bel və köks sümükləri arasından çıxır. 8. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir. 9. Sirlərin sınaqdan keçiriləcəyi gün, 10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar. 11. And olsun yağmurla qayıdan göyə! 12. And olsun növbənöv bitkilərlə yarılan yerə! 13. Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır. 14. O, əyləncə də deyildir. 15. Həqiqətən, kafirlər hiylə qururlar. 16. Mən də hiylə qururam. 17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.
ət-Tariq (Gecə yolçusu) surəsinin izahı
 
And olsun səmaya və gecə yolçusuna! Sən nə bilirsən ki, gecə yolçusu nədir? Bu, qaranlıqları dəlib keçən ulduzdur.
Uca Allah bu surəni səmaya və gecə yolçusuna and içməklə başlayır. Səma sözü yüksəkdə olan deməkdir. Səma yerlə göy arasında olanları və göylərin bütün qatlarını əhatə edir. Sonra Uca Allah gecə yolçusunu izah edərək onun qaranlığı dəlib keçən parlaq ulduz olduğunu xəbər verir. Ulduz gecə görünüb gündüz gözdən itdiyinə görə “gecə yolçusu” adlanır.
 
Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi mələk olmasın. Uca Allah buyurur:
“Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər” (əl-İnfitar, 10-12).
Bu gözətçi mələklər insanın söylədiyi hər bir sözü və etdiyi hər bir əməli yazıb qeydə alırlar.

Qoy insan nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır. Bu maye bel və köks sümükləri arasından çıxır.
Yəni, qoy insan nədən yaradıldığı haqda bir fikirləşsin. O, kişidən süzülüb tökülən bir mayedən yaradılmışdır. Uca Allah Qurani-Kərimin digər ayələrində insanın nütfədən, yəni suyu az olan mayedən yaradıldığını xəbər verir. Uca Allah buyurur:
“Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil?” (əl-Qiyamə, 36-40).
Sonra Uca Allah bu mayenin kişinin beli və sinəsinin üst hissəsi arasından çıxdığını bildirir.    
 
Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.
Şübhəsiz ki, insanı dəyərsiz bir mayedən Yaradan, Qiyamət günü onu yenidən diriltməyə qadirdir. Uca Allah buyurur:
“Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir” (ər-Rum, 27).
 
Sirlərin sınaqdan keçiriləcəyi gün, onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
Qiyamət günü insanlar qəlblərində olanlara görə sorğu-sual ediləcəklər. Uca Allah buyurur:
“Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman – məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?” (əl-Adiyat, 9-11).
O gün insanların ixtiyarı öz əlində olmayacaq və onlar bir-birilərinə yardım edə bilməyəcəklər.  
 
And olsun yağmurla qayıdan göyə! And olsun növbənöv bitkilərlə yarılan yerə!
Səma yağmuru təkrarən yağdırıb qaytardığına görə bu ayədə “yağmurla qayıdan” adlandırılmışdır. Sonra Uca Allah növbənöv bitkilərin çıxması səbəbilə yarılan yerə and içir və belə buyurur:
 
Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır. O, əyləncə də deyildir.
Haqqı batildən ayırd edən kəlam Qurani-Kərimdir. Bu, Uca Allahın danışdığı və Cəbrail adlı mələyin vasitəsilə Peyğəmbərə - sallallahu aleyhi və səlləm - göndərdiyi kəlamıdır. Allahın kəlamı haqq, onun  xəbərləri doğru, hökmləri isə ədalətlidir. Onu oxuyan mükafat alar və heç vaxt ondan yorulmaz.
 
Həqiqətən, kafirlər hiylə qururlar. Mən də hiylə qururam.
Qureyş qəbiləsindən olan kafirlər Peyğəmbərin dəvətinin qarşısını almaq üçün hər bir vasitəyə əl atır, möminlərə hər cür işgəncə və əzab-əziyyət verirdilər. Hətta iş o yerə gəlib çatmışdı ki, Peyğəmbərin həyatına qəsd etmək üçün hiylə qurdular. Lakin Uca Allah onların hiyləsini boşa çıxartdı. Uca Allah buyurur:
“Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə  işlədənlərin ən yaxşısıdır” (əl-Ənfal, 30).
 
Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.
Uca Allah bu ayələrdə kafirləri təhdid edir və öz Peyğəmbərinə təsəlli verir, həmçinin ona kafirlər üzərində zəfər çalmağı vəd edir. Uca Allahın bu vədi hicrətin səkkizinci ilində Məkkənin fəth edilməsi ilə öz təsdiqini tapdı.    
 

Paylaş: