Allahın əmr etdiyi beş kəlmə

    19.10.2014

Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həqiqətən, Allah Zəkəriyyə peyğəmbərin oğlu Yəhyəyə beş kəlməni əmr etdi. O, həm özü bunlara əməl etməli, həm də İsrail oğullarını da bunlara əməl etməyi əmr etməli idi. O, bu işi gorməkdə tələsmirdi. Allah İsaya belə vəhy etdi: “Bu əmrləri ya o, ya da sən çatdır!” İsa Yəhyənin yanına gəlib dedi: “Sənə beş əmr verilmişdir. Onlara həm özün əməl etməli, həm də İsrail oğullarına əmr etməlisən. Bu kəlmələri onlara ya sən çatdır, ya da mən çatdırım”. Yəhyə ona dedi: “Ey Ruhullah! Əgər sən bu işdə məni qabaqlasan, əzaba düçar olmağımdan, yaxud da yerə batırılmağımdan qorxuram”.

Yəhyə İsrail oğullarını Qüds məscidində topladı. Məscid adam ilə dolmuşdu. O, hündür yerdə əyləşib Allaha həmd-səna etdikdən sonra dedi: “Allah mənə beş kəlməni əmr etmişdir. Mənə bunlara əməl etmək və sizə də əmr etmək tapşırığı verildi.
Birincisi, Allaha heç bir şeyi şərik qoşmadan ibadət edəcəksiniz. Allaha şərik qoşanın misalı halal malından qızıl və ya gümüş ödəyib özünə bir kölə alan, sonra onu bir evə yerləşdirən adamın misalına bənzəyir. Adam köləsinə: “İşlə və qazancını mənə ver!” – deyə tapşırıq verir. Köləsi işləyib qazancını öz ağasına deyil, başqasına verir. Sizdən hansınız öz köləsinin belə etməsindən razı qalar?! Allah sizi yaradıb və sizə ruzi verib. Elə isə siz də Ona ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın”.
Həmcinin, Allah sizə namaz qılmağı əmr edir. Namaza durduqda üzünüzü kənara çevirməyin, çünki bəndə üzünü cevirmədikcə Allah üzünü bəndəsinə tərəf tutur.
Həmçinin, Allah sizə oruc tutmağı əmr edir. Bunun misalı bir dəstə adamın yanında olan kisəciyin içindəki müşk ətirinin misalına bənzəyir. Belə ki, onların hamısı ətirin iyini hiss edir. Oruc tutanın ağzından gələn qoxu, Allah dərgahında müşkdən daha xoşdur.
Həmçinin, Allah sizə sədəqə verməyi əmr edir. Bunun misalı düşmənə əsir düşmüş bir adamın misalına bənzəyir. Onlar onun əllərini boğazına bağlayıb boynunu vurmaq üçün aparanda o belə deyir: “Əgər istəyirsinizsə, mən öz canımın muqabilində sizə mal-dövlət verim? O, canını xilas etmək üçün malından keçir və sonda özünü xilas edir.
Həmçinin, Allah sizə Onu çox zikr etməyi əmr edir. Bunun misalı isə duşmənin sürətlə izinə düşüb axtardığı adamın misalına bənzəyir. O gəlib bir qalada sığınacaq tapır və orada qorunur. Bəndə də Uca Allahı zikr etdikcə, şeytandan qorunmuş olur…”

Paylaş: