Hədislərə tabe olmağın vacibliyi

    18.04.2015

Hədislər də Quran kimi Allahdan vəhydir

Uca Allah Quranda əsas şəriət hökmlərini müxtəsər şəkildə bildirmiş, onların izahını və təfsilatını isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə öyrətmişdir. Buna "Sünnə" deyilir. Sünnə hədislərdə qeyd edilmişdir. Məsələn, namazın qılınma şəkli, hansı namazın neçə rükət olması, necə həcc etmək, zəkatı necə vermək, ailə, ticarət və s. məsələlərdəki şəriət hökmləri Quranda yoxdur, bunları hədislərdən öyrənirik. Ona görə də, Sünnə də Quran kimi peyğəmbərə (sallallahu aleyhi və səlləm) Allah tərəfindən endirilmişdir. Uca Allah buyurur: "Sənə də Zikri (Sünnəni) nazil etdik ki, insanlara, onlara nazil olanı (Quranı) izah edəsən və bəlkə onlar fikirləşələr". (ən-Nəhl, 44).
"Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı (Quranı) və Hikməti (Sünnəni) öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər". (əl-Cumuə, 2).
Uca Allah bildirir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Quran ayələrinə verdiyi izahat özbaşına yox, vəhy nəticəsində olmuşdur: "O, kefi istəyəni danışmır. Bu, ancaq (Allahdan) nazil olan bir vəhydir". (ən-Nəcm, 4).
 

Uca Allah hədislərə tabe olmağı əmr etmişdir

Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
"Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!" (əl-Əhzəb, 36).
Bu və çoxsaylı digər Quran ayələrində Uca Allah ibadətlərimizi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi kimi etmək, gündəlik həyatımızda, ailədə, işdə çıxan məsələlərdə Ondan nümunə götürməyi əmr etmişdir. Hədislərə tabe olmasaq, Quranda olmayan məsələlərdə necə davranmağı bilmək (məsələn, hansı namazı neçə rükət qılmaq) mümkün deyil.
 

Hədislərin doğruluğuna necə inanaq?

Uca Allah buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9). Uca Allah Quranı və onun təfsilatını bildirən hədisləri qoruyacağına vəd vermişdir. Həqiqətən də, 1400 ildən çox keçməsinə baxmayaraq, düşmənlər nə qədər cəhd etsələr də, Quranı və səhih hədisləri dəyişdirmək və ya yox etmək mümkün olmamışdır. Bəziləri ayədəki "Zikr" sözünün yalnız Quran olduğunu düşünürlər. Amma yalnız Quran qorunsa idi, ayələrin təfsilatı olmadan insanlar Peyğəmbərə (salləllahu aleyhi və səlləm) necə tabe olmağı bilməzdilər, bu isə dinin itməsinə gətirərdi.
Həmçinin məlumdur ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ölümündən bir müddət sonrayadək Quran kitab halında olmamış, əzbər şəkildə öyrənilmiş və yayılmışdır. Quranı əzbərdən bir-birinə ötürən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri (radıyəllahu anhum) eyni qaydada hədisləri də ötürmüşlər. Səhabələrin (Allah onlardan razı olsun) isə Allahın və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) adından yalan danışması mümkün deyil. Uca Allah buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur". (ət-Tovbə, 100). Hədislərin bir hissəsi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə səhabələr tərəfindən yazılmışdır. Digər səhih hədislər əl-Buxari, Muslim, Əbu Dəvud, ət-Tirmizi, İbn Məcəh (Allah onlara rəhmət etsin) və digər alimlər tərəfindən toplanaraq kitab halına salınmışdır. Bu alimlər hədisləri toplayarkən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) başlayaraq həmin alimə qədər hədisi bir-birinə ötürmüş insanların adlarını qeyd etmiş, onların bioqrafiyalarını araşdırmışlar. Bu insanlar arasında yaddaşı zəif olan, yalan danışan, əxlaqsız, bidətçi (dində yenilik edən) və s. olduqda hədis səhih hesab edilməyərək kitaba daxil edilməmişdir.
 

Hədisləri kim inkar edir?

Hədisləri inkar edənlərin məqsədi insanları Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolundan uzaqlaşdırmaq və Qurana istədikləri kimi izahat verərək, öz istədiklərinə yönəltməkdir, dini parçalamaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bilin və agah olun ki, mənə Quran ilə birlikdə (onun bir) bənzəri verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə: “Tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haramı isə haram qəbul edin” deyəcəyi gündən ehtiyat edin...”. (Əbu Davud, 4606, İmam Əhməd, 17306).

Paylaş: