Peyğəmbərin vəfatı

    16.04.2015

Uca Allah Peyğəmbərin vəfat edəcəyi barədə Qurani Kərimdə buyurur: “Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər, 30).
Ənəs ibn Malik demişdir: “Rəsulullah (vəfatına səbəb olan xəstəliyə tutulduğu zaman) bazar ertəsi mən axırıncı kərə onun üzünü gördüm. Həmin vaxt o, qaldığı hücrənin pərdəsini qaldırdı və mən onun üzünə baxdım. Onun üzü, sanki Quran kağızı idi. Bu əsnada camaat Əbu Bəkrin arxasında (sübh) namazına durmuşdu. Onlar (Peyğəmbəri görəndə sevinclərindən) az qaldılar ki, namazdan çıxsınlar. Əbu Bəkr camaata imamlıq edərkən (Peyğəmbərin namaz qılacağını zənn etdi və dala çəkilərək arxasındakı cərgəyə keçdi), lakin Peyğəmbər əli ilə camaata yerlərində qalmağı işarə etdi. Sonra o, pərdəni aşağı saldı və həmin günün axırında vəfat etdi.”
Hicrətin 11-ci ilində – səfər ayında Peyğəmbərin xəstəliyi şiddətlənmiş, bu xəstəlik on üç gün, yaxud bundan bir gün artıq və ya bir gün əskik davam etmiş və nəhayət, rabiyəl-əvvəl ayında, bazar ertəsi o, vəfat etmişdir.
Rəvayət edilir ki, Aişə demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - ölüm ayağında ikən onun qabağında bir qab su var idi. O, əlini suyun içinə salır, sonra yaş əlini üzünə sürtüb deyirdi: “Lə ilahə illəllah! Həqiqətən də, ölümün bihuşluğu vardır.” Sonra əlini qaldırıb: “Allahım, məni uca dostlara qovuşdur!”– deməyə başladı. Nəhayət, ruhu bədənindən çıxdı və əli yanına düşdü” (Səhih əl-Buxari, 4449).
Aişə demişdir: “Rəsulullah vəfat etdikdən sonra səhabələr onun dəfni barədə ixtilafa düşdülər. Onda Əbu Bəkr dedi: “Mən Rəsulullahdan elə bir hədis eşitmişəm ki, indiyədək onu unutmamışam. O demişdir: “Allah hər bir peyğəmbərin ruhunu ancaq onun dəfn edilməsini istədiyi yerdə almışdır. Elə isə onu, yatağının yerində dəfn edin.”
Səhabələr Peyğəmbərin dəfn edilib-edilməməsi və əgər dəfn ediləcəksə, harada dəfn edilməsi barədə ixtilafa düşdülər. Peyğəmbərimiz Aişənin hücrəsində vəfat etmişdir. Hədisdən aydın olur ki, bu hökm yalnız peyğəmbərlərə aiddir. Adi insanlar isə ancaq qəbiristanlıqda dəfn edilməlidirlər.
Peyğəmbərin vəsiyyəti ilə Əli ibn Əbu Talib onu yumuş, Abbas və onun oğlu Fədl, habelə Usamə və Şəqran (Allah onların hamısından razı olsun!) ona su və s. verməklə kömək etmişlər. Peyğəmbərin kəfənlənməsinə gəlincə, bu haqda Aişə demişdir: "Peyğəmbəri Yəmənin Səhuliyyə şəhərində hazırlanmış üç ədəd ağappaq pambıq parçaya bürüdülər. Bunların arasında nə bir köynək, nə də bir əmmamə var idi” (Səhih əl-Buxari, 1246).
Peyğəmbərin qəbrini Əbu Talhə Zeyd ibn Səhl qazmış və onu camaxatanlı etmişdir. Camaxatan qədim fars sözüdür – yorğan-döşək, sandıq və s. qoymaq üçün divarın içində açılan dördkünc oyuğa camaxatan deyilir. Əbu Talhə Peyğəmbərin qəbrinin içəri tərəfindən, onun sağ divarında oyuq qazmışdır. Buna ərəbcə “ləhd” deyilir.
Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər vəfat etdiyi zaman Mədinədə iki nəfər qəbirqazan var idi. Biri qəbirləri camaxatanlı, digəri isə camaxatnsız şəkildə qazardı. Səhabələr dedilər: “Gəlin, Rəbbimizdən daha xeyirli olanı bizə göstərməsini diləyək və hər iki qəbirqazanın yanına adam göndərək. Hansı biri tez gəlsə, o da onun qəbrini qazsın. Beləliklə, onlar hər ikisinin yanına adam göndərdilər. Camaxatanlı qəbirqazan daha tez gəldi deyə, Peyğəmbərin qəbrini o qazdı” (Səhih Sunən İbn Macə, 1557).
Muhəmməd əl-Baqir demişdir: “Rəsulullah bazar ertəsi vəfat etdi. Sonra həmin gün və çərşənbə axşamının gecəsinədək onun dəfni ləngidildi. Nəhayət, o gecə dəfn edildi.”
Peyğəmbərin dəfninin çərşənbənin gecəsinədək uzanmasının səbəblərindən biri də, camaatın ayrı-ayrılıqda onun üçün cənazə namazı qılması olmuşdur. Səhabələr dəstə-dəstə – əvvəlcə kişilər, sonra qadınlar, sonra da uşaqlar onun hücrəsinə daxil olub onun üçün cənazə namazını qılmışdır.
İbn Abbas rəvayət edir ki, (Peyğəmbər vəfat etdiyi gün) Əbu Bəkr camaatın qarşısına çıxıb Allaha həmd-sənalar etdikdən sonra dedi: “... Kim Muhəmmədə ibadət edirdisə, bilsin ki, o, artıq vəfat etmişdir. Kim Allaha ibadət edirdisə, bilsin ki, Allah əbədi Yaşayandır, Ölməzdir.” Sonra o, bu ayəni oxudu:
“Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz geriyəmi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar” (Ali-İmran, 144).
İbn Abbas dedi: “Vallahi, sanki camaat Allahın bu ayəni nazil etdiyini bilmirmiş. Əbu Bəkr bu ayəni oxuduqdan sonra camaat da onu oxumağa başladı. Bundan sonra bu ayəni eşidən hər kəs onu təkrar-təkrar oxuyardı.” Səid ibn Museyyib rəvayət edir ki, Ömər bu ayəni eşitdikdə dedi: “Vallahi, bu ayəni Əbu Bəkrdən eşidəndə məni əsmə tutdu, ayaqlarım üstümdə durmadı, diz üstə yerə çökdüm və başa düşdüm ki, Peyğəmbər artıq vəfat etmişdir” (Səhih əl-Buxari, 1165).

Paylaş: