Namaz qılmayana kafir demək olarmı?

    02.03.2015
Sual: 
Salam aleykum. Namaz qılmayan adama kafir demək olarmı?
Cavab: 

Və aleykum Salam. İslam beş əsas üzərində qurulmuşdur. Şəhadət gətirərək Uca Allaha və Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) iman gətirən şəxs İslama girmiş olur, amma bundan sonra ondan namaz, zəkat, oruc, həcc kimi vacib əməllər tələb olunur. Mötəbər islam alimlərinin çoxunun rəyinə görə, namaz qılmayan kafir yox, böyük günah sahibi olan müsəlmandır. Bu alimlərə görə namaz qılmayan, amma Uca Allaha və Onun Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) iman gətirərək özünü müsəlman adlandıran adama "kafir" deməyin qadağan olmasının dəlillərindən bəziləri bunlardır:

Uca Allah buyurur: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (ən-Nisə, 94).
Bu ayə düşmənlər üzərinə hücuma gedən səhabələr yolda rast gəldikləri çobanı öldürdükdən sonra nazil olmuşdur. Həmin çoban onlara salam vermiş və müsəlman olduğunu demişdi. Səhabələr isə onun qorxudan belə dediyini zənn edərək onu öldürmüşdülər. Uca Allah Qurani-Kərimdə dəfələrlə kafirlərin əbədi olaraq Cəhənnəmdə qalacaqlarını bildirmişdir. Namaz qılmayanın kafir olduğunu demək də onun əbədi Cəhənnəm əhli olacağına hökm etməkdir. Halbuki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onların bağışlana biləcəyini demişdir: "Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar". (İbn Məcəh; Malik; Əhməd; Əbu Dəvud).
Uca Allah buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar". (ən-Nisə, 48).

Həmçinin, şəriətə görə hər küfr əməl edənə (məsələn, qəbirə yalvaran) kafir demək qadağandır, çünki həmin insan bunu bilməyərəkdən (cahillikdən), məcburiyyət qarşısında, din adamları tərəfindən səhv yola yönəldilərək və digər üzrlü səbəblərdən edə bilər. Alimlərin rəyinə görə keçmiş Sovet ölkələrinin əhalisi məhz bu cürdür, çünki dini insanlara unutdurmağa çalışırdılar və ateizm təbliğ olunurdu. Uca Allah buyurur: "...Səhvən (bilməyərəkdən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5). Daha ətraflı: Cahilliyin üzrlü olması

Digər vacib məsələ isə budur ki, müsəlmanın başqalarının kafir olub-olmadığını hökm etmək vəzifəsi yoxdur. Bu məsələ hakim və qazının işidir, sıravi müsəlmanlar isə Allahın razılığını qazanmağa çalışmalı və Qiyamət günü onlara veriləcək suallara hazırlaşmalı, bu kimi fitnəli məsələlərdən isə uzaq olmalıdırlar.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar". (əl-Buxari, 6045; Muslim, 61).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (əl-Buxari, 6104; Muslim, 60).

Sonda bir daha qeyd edək ki, namaz qılmamaq ən böyük günahlardan biridir və müsəlman olmasına, yaxşılıq etməsinə və s. şeylərə baxmayaraq insanı Cəhənnəmə aparan ən əsas səbəblərdəndir. Uca Allah buyurur: "Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəsir, 38-43). "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).

Paylaş: