Övrət yerini zinadan qorumağın vacibliyi haqqında

    05.01.2015
Sual: 
Salam aleykum. Dil və övrət yerini zinadan qorumağın vacib olması haqqında imkan daxilində bir neçə ayə və səhih hədis yaza bilərsinizmi?
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik". (ən-Nisa, 114).
İbn Kəsir "Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur" kəlamı barərsində belə demişdiir: "Yəni, insanların söhbəti". (Muxtəsaru Təfsiru İbn Kəsir, 1/437).
Başqa bir ayədə Uca Allah belə buyurur: "Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir". (ən-Nisa, 148).
Yəni, Uca Allah pis sözlər danışmağı və ədəbsiz sözlər işlətməyi sevməz. Məzlum isə istisnadır. Çünki, zülm olunmuş kəs ona zülm etmiş insana qarşı belə ifadələr işlədə bilər. İbn Abbas buyurur ki, burada Allahın sevmədiyi şey, zülmə uğrayanlardan başqasının kiminsə əleyhinə dua etməsidir. (əs-Sabuni "Safvatu ət-Təfəsir", 1/314).
Uca Allah digər bir ayədə buyurur: "Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın". (Qaf, 17-18).
Həmçinin, buyurur: "Həqiqətən, sənin Rəbbin nəzarət edir". (əl-Fəcr, 14).
Habelə Uca Allah belə buyurur: "Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!" - deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". (ən-Nəhl, 116).
"... yalan (pis) söz­­lərdən də çəkinin". (əl-Həcc, 30).
"O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir". (ən-Nur, 24).
"Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır). Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın". (Qaf, 17-18).

"...O kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır". (əl-Mu'minun, 3-7).
Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) deyir ki, bir gün Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Hansı müsəlman daha üstündür?" O, mənə belə cavab verdi: "O kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən zərər görməzlər". (Səhih əl-Buxari, 1/9; Səhih Muslim, 165).
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə eşitdiyini rəvayət etmişdir: "Həqiqətən, bəndə Allahın razılığı səbəbi ilə ağlına gəlmədən elə söz danışa bilər ki, onunla Allah onun dərəcəsini yüksəldər. Həqiqətən, qul Allahın qəzəbindən ağlına gəlmədən elə sözlər işlədə bilər ki, onunla Allah onu Cəhənnəmə atar". (Səhih əl-Buxari, 7/184-185).
Muslimin "Səhih"ində keçən hədisdə isə Peyğəmbər belə buyurub: "Həqiqətən, bəndə elə bir söz danışa bilər ki, o söz onu Cəhənnəmdə məşriqlə məğribin arasındakı məsafədən daha uzaq yerə atar". (Muslim, 4/2290; "əl-Lu'lu vəl-Mərcan", 3/325).
Əbu Hureyrə (radıyəllahu anhu) Allah Elçisindən (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir: "Həqiqətən, insan heç bir ayıb hesab etmədiyi bir şeyi Allahın qəzəbi ilə danışarsa, onunla Cəhənnəmdə yetmiş illik məsafə uzaqlıqdakı yerə atılar". (Səhih İbn Məcəh, 2/358, 2/1313; ət-Tirmizi, 4/557; "Səhih ət-Tirmizi", 2/268).
Əbu Hureyrədən rəvayət olunan digər bir hədisdə Allah Rəsulu buyurub: "Allaha və axirət gününə iman gətirən kəs, ya xeyirli bir söz söyləsin, ya da sussun! Allaha və axirət gününə iman gətirən kəs, qonşusuna əziyyət verməsin! Allaha və axirət gününə iman gətirən kəs, qonağına ikram etsin!" (Səhih əl-Buxari, 7/184; Səhih Muslim, 1/684; ət-Tirmizi 9/239; İbn Məcəh, 3972).
Səhl ibn Sə'd Peyğəmbərin belə buyurduğunu rəvayət etmişdir: "Kim mənə iki çənə­si arasındakını və iki budu arasındakını qoruyacağına zəmanət verərsə (burada dili və cinsiyyət orqanını günaha batmaqdan qorumaq nəzərdə tutulur), mən də onun Cən­nətə (girəcəyinə) zəmanət verərəm". (əl-Buxari, 7/184/ №: 6474).
ət-Tirmizinin rəvayətində isə "Allah iki saqqalı və iki qılçası arasında olanın şərindən kimi qorusa, o Cənnətə daxil olar" deyilir. (Bax: "Səhih ət-Tirmizi", 2/287).
Həmçinin demişdir: "Həqiqətən, adam Allahı razı salan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah onun sayəsində həmin adamı dərəcələrə yüksəldər. Həmçinin, adam Allahın qəzəbinə səbəb olan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah buna görə həmin adamı Cəhənnəmə giriftar edər". (Səhih əl-Buxari, 6478).
Peyğəmbərdən soruşdular ki; "İnsanları ən çox Cənnətə salan nədir?" - Peyğəmbər "Allah qorxusu və həyadır" - deyə cavab verdi. Bəs Cəhənnəmə salan şey nədir? - deyə soruşduqda, "Dili və övrət yeridir!" - deyə buyurdu". (ət-Tirmizi, 4/363).
Peyğəmbərdən soruşdular: "Ey Allahın Rəsulu! Mənə bir əməl tövsiyə et, ona əməl edim". O: "Rəbbim Allahdır de. Sonra doğru ol!" - deyə cavab verdi. Sonra yenə soruşdum: "Ey Allahın Rəsulu, mənim haqqımda ən çox qorxduğun şey nədir?" Əli ilə dilini göstərərək "Bu!" deyə buyurdu". (ət-Tirmizi "Kitabuz-Zuhd", 2412).
Həmçinin demişdir: "Həqiqətən Cənnətdə otaqlar vardır ki, içindən çölü, çölündən də içi görsənir. Bir nəfər qalxaraq "onlar kimin üçündür" - deyə soruşdu. O, (salləllahu aleyhi və səlləm): "Onlar gözəl danışan, kasıbı yedirən, davamlı oruc tutan və insanlar yatdıqda Allah üçün namaz qılanlar üçündür" - dedi". (ət-Tirmizi 2718).
Əbu Səid əl-Xudri Rəsulullahın belə buyurduğunu rəvayət etmişdir: "Adəm övladı hər səhər durarkən bütün əzaları onun dilinə tabe olaraq deyir: Bizim işimizdə Allahdan qorx! Biz səninləyik. Əgər bizi doğru yola çəksən, biz elə o yolla da gedəcəyik. Əgər bizi əyri yola çəksən, biz elə həmin əyri yolla da gedəcəyik". (Səhih ət-Tirmizi, 2/287, 4/615/ №: 2587; ən-Nəvəvi "Zikrlər", səh: 286).
Muğira nəql edir ki, mən Peyğəmbərin namazı qurtardıqdan sonra belə dediyini eşitdim: "...Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Və O, hər şeyə qadirdir". O, bunu üç dəfə təkrarladı və dedi-qodunu, çoxlu sual verməyi malı zay etməyi, analara asi olmağı və yeni doğulmuş qız uşaqlarını diri-diri basdırmağı qadağan etdi". (əl-Buxari, 7/183).
Bilal ibn əl-Harisdən Peyğəmbərin belə dediyi rəvayət olunur: "Həqiqətən, insan Allahın razılığı ilə özünün təsəvvür etmədiyi səviyyədə elə söz danışa bilər ki, Allah öz razılığını onunla görüşəcək günədək ona verər. Həqiqətən, insan Allahın qəzəbi ilə özünün təsəvvür etmədiyi səviyyədə elə söz danışa bilər ki, Allah öz qəzəbini onunla görüşəcək günədək onun üzərinə atar". (İmam Malik "Muvatta", 2/985; Səhih əl-Buxari, 7/185; ət-Tirmizi, 2/269).
Abdullah ibn Məsud nəql edir ki, bir evdə olarkən orada iki Qureyşli və bir Səqəfli var idi. Onlar yekə qarın, lakin, zəif zəkaya malik insanlar idi. Onlardan biri dedi: "Məgər bilmirsinizmi, Allah bizim dediklərimizi eşidir?" Digəri isə: "Biz ucadan danışsaq, eşidər. Gizlində danışsaq, bizi eşitməz" dedi. Başqa biri isə dedi: "O, bizim gizlində danışdığımızı eşidirsə, aşkarda ucadan danışdığımızı da eşidir". Daha sonra Uca Allah bu ayəni nazil etdi: "Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir". (Fussilət, 22)". (Səhih əl-Buxari, 6/37. Fussilət surəsinin təfsiri; Muslim, 4/2141; "əl-Lu'lu vəl-Mərcan", 3/270).
Sufyan ibn Abdullah belə rəvayət etmişdir: "Ey Allahın Elçisi, mənə elə bir şey danış ki, mən ondan tutunum". Dedi: "De ki, mənim Rəbbim Allahdır! Sonra doğru yolla get!" Dedim: "Ey Allahın Rəsulu, mənim üçün ən çox qorxduğun nədir?" Peyğəmbər öz dilini tutdu və dedi: "Bax, bu!" (Səhih Muslim, 1/65; İmam Əhməd "Musnəd", 3/413; ət-Tirmizi, 4/607).
Əbu Hureyrənin belə dediyi rəvayət olunur: "Allaha and olsun ki, insan elə söz danışa bilər ki, onunla dünya və axirətini itirər". (əl-Bəğavi "Şərhus-Sunən", 14/385; İmam Əhməd, 2/328; Əbu Davud, 4901).
İbn Ömər Peyğəmbərin belə buyurduğunu rəvayət etmişdir: "Allahı zikrdən başqa çox danışmayın! Həqiqətən, Allahı zikrdən başqa çox danışmaq qəlbi sərt və paslı edir. Allaha ən uzaq olan insanlar qəlbi sərt və paslı olanlardır". (ət-Tirmizi, 4/607; ən-Nəvəvi "Zikrlər" səh: 285).
Muazın rəvayət etdiyi hədisdə Peyğəmbər dilini tutaraq dedi: "Bundan qorun!" Dedim: "Ey Allahın Elçisi, biz danışdığımızla danlanacağıqmı?" Dedi: "Anan səni itirsin, insanlar oda üzləri üstə dillərinin qazandıqları günahlar ucbatından girəcəklər". (ət-Tirmizi, 5/11).
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbərdən insanı ən çox Cənnətə daxil edən əməlin hansı olduğu barəsində soruşdular. Peyğəmbər dedi: "Allahdan qorxmaq və gözəl əxlaq sahibi olmaq". İnsanı ən çox oda salan şeyin nə olduğu barəsində soruşulanda isə, belə cavab verdi: "Ağız və övrət yeri". (Səhih ət-Tirmizi, 2/194, 4/363).
Paylaş: