İstimnadan qurtulmaq üçün nə etmək lazımdır?

    20.12.2014
Sual: 
salam masturbasiya dinde haramdi men masturbasiya ile mesqul oluram bilmek isterdim ki, el ile bosalma dinimzde haramdi? hemde mende bu artiq alisqanliq hallina gelib tovbe edib develerle pozuram bunan can qurtarmaq isteyirem ne etmeliyem bunun ucun dua var ? xahis edirem suallima cavab veresiniz indiden tsk allah razi olsun!
Cavab: 

Aleykum salam. Əvvəlcə xatırlatmaq istəyirik ki, öz-özünü boşaltmaq və ya masturbasiya haramdır. Buna dəlil olaraq alimlər aşağıdakıları göstərmişlər:
Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; O kəslər ki, namazlarında mütidirlər? O kəslərdir ki, sözbazlıqdan qaçırlar, O kəslərdir ki, zəkat verirlər, O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, Zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır". (əl-Mu'minun, 1-7).
Ayəyə əsasən, zövcələri və cariyələri ilə cinsi əlaqədən başqa yollarla cinsi istəyi təmin etmək (həm naməhrəmlə cinsi əlaqə, həm də özünü boşaltma) haramdır.
Digər dəlil isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) bu əmridir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır. Evlənmə məsrəfinə də gücü çatmayan kimsə oruc tutsun, çünki oruc şiddətli bir şəhvət qırıcıdır". (əl-Buxari, 5066; Muslim, 1400; İbn Məcəh "Nigah", 1). 
Hədisdə evlənə bilməyənlərin başqa üsullarla yox, oruc tutmaqla şəhvətini qoruması bildirilmişdir. Daha ətraflı: Masturbasiya etməyə icazə verilir?
Şəriətə əsasən bundan qorunmaq üçün aşağıdakıları sadalamaq olar:

Evlənmək
Çünki, yuxarıdakı hədisə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) ilk növbədə bunu əmr etmişdir. Təssüflər olsun ki, bəzi gənclər kafirlərin adətlərinin təbliğatının təsiri altına düşərək, karyera qurmaq, maddi cəhətdən tam arxayın olmaq və s. şeyləri etdikdən sonra ailə qurmağı düşünür, bu səbəbdən də subay olduqları müddətdə zina və ya masturbasiya kimi haramları etməyə məcbur olurlar. Halbuki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) "evlənmə məsrəfi" dedikdə bunları gözləməyi buyurmamışdır. Evlənmək bu məsələlərə maneə olmur, əksinə kömək olur, çünki ailədə bərəkət var.

Oruc tutmaq
Çünki, hədisin ikinci hissəsində "Evlənmə məsrəfinə də gücü çatmayan kimsə oruc tutsun, çünki oruc şiddətli bir şəhvət qırıcıdır". (əl-Buxari, 5066; Muslim, 1400; İbn Məcəh "Nigah", 1). 

Gözü haramdan çəkmək
Bu, zina və digər haram şeylərə aparan birinci səbəbdir. Uca Allah buyurur: "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar" (ən-Nur, 31).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əliyə (Allah ondan razı olsun) demişdi: "Ey Əli! Sən baxışın ardınca (ardıcıl) baxış etmə. Həqiqətən birinci sənin leyhinə, ikinci isə əleyhinədir". (İmam Əhməd; Əbu Davud; ət-Tirmizi; əd-Darimi). Burada birinci baxışın səndən asılı olmadığı üçün günah olmadığı, ikinci baxış isə qəsdən olduğu üçün günah olduğu nəzərdə tutulmuşdur. Haramı gördükdən sonra gözü çəkməyib davamlı baxmaq da bura aiddir.

Haramı yada salan vasitələrdən və yerlərdən mümkün qədər uzaq durmaq
Günahdan qorunmaq üçün günaha aparan şeylərdən də qorunmaq lazımdır. Açıq saçıqlıq təbliğ olunan vasitələrdən (televizor, internet və s.) yalnız zərurət hallarında istifadə etmək, həmçinin insanların açıq-saçıq geyindiyi yerlərdən də mümkün qədər uzaq olmaq lazımdır.

İbadət, dua və zikri artırmaq
Uca Allah buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (əl-Buxari, 1469, 6470; Muslim, 1053).
Uca Allah buyurmuşdur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).

Pis yuxulardan qorunmaq
Şeytanın vəsvəsə üsullarından biri də yuxuda şəhvət səhnələrini göstərməsidir. Bundan qorunmaq üçün yatmazdan qabaq Ayətul-kursi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öyrətdiyi digər zikrləri oxumaq lazımdır. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?

Bunun zərərləri haqqında düşünmək
Bir çox tibb alimləri masturbasıyanın insan üçün sinir xəstəlikləri, yaddaş zəifliyi, diqqətsizlik, unutqanlıq, ruh düşkünlüyü, yuxusuzluq, cinsi münasibətin zəifləşməsi, bel boşalması və buna bənzər bir çox zərərli təsirləri olduğunu deyirlər. Həmçinin bunun zinadan qorunmaq üçün bir vasitə olduğunu da düşünmək səhvdir.

Möminlərlə oturub-durmaq, camaat namazlarında iştirak etmək və s.
Daha ətraflı: Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

Paylaş: