Tənhalıq səbəbindən psixoloji problemlər yaşayıram, bunun üçün dua varmı?

    18.11.2014
Sual: 
Salam..özmü çox tənha hiss edirəm.və buda məndə psixi problemlər yaradır..xaiş edirəm bununçün dua varsa yazın
Cavab: 

Aleykum salam. Sözsüz ki, tənhalıq Uca Allahın sınaqlarından biridir. Sınaqlara səbr edənlərin günahları yuyulur və ya axirətdə dərəcələri yüksəlir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Allahın izni ilə aşağıdakı vasitələr sizin köməyinizə gələ bilər:

Allaha yönəlmək. Tənha insan yalnız Uca Allahın neməti sayəsində tənhalıqdan qurtula bilər, ona görə də ilk növbədə Uca Allaha yönəlmək, çoxlu namaz qılmaq, Quran oxumaq, zikrlər etmək və digər ibadətləri yerinə yetirmək lazımdır. Uca Allah buyurur: "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28).

Bunun sınaq olduğunu bilmək, sınağa səbr edərək mükafatını Allahdan gözləmək lazımdır. Siz narahat ola və ya özünüzə psixoloji problemlər yarada bilərsiniz, bu halda heç nə dəyişməyəcək, amma səbirli olsanız, mükafatınız böyükdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Böyük bəlaya uyğun böyük savab verilir. Allah bir camaatı sevdikdə onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa, Allahın qəzəbini qazanar". (ət-Tirmizi, 2396).
Daha ətraflı: Səbr edənlərə müjdə ver!

Çoxlu dua etmək və "duam qəbul olmadı" deyib tələsməmək. "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736). Daha ətraflı: Duam qəbul olmur, nə edim?

Nemətlərə şükr etmək. Sizdən daha pis vəziyyətdə olan, əlil, xəstə insanlara baxın. Həmçinin ailəli olub hər gün ailəsində problemlər yaşayanlara baxın. Onlara baxdıqda öz vəziyyətinizə şükr etmək sizə rahatlıq verməlidir: "Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir". (İbrahim, 7).

Vaxtı faydalı şeylərə sərf etmək. Bu dünyada və axirətdə sizə fayda verəcək şeyləri öyrənin, məsələn, Quran oxumaq, dini bilikləri artırmaq, hər hansı dünyəvi bilik və bacarıqlara yiyələnmək.

Son məqsədə yönəlmək. Hər bir müsəlmanın son məqsədi Uca Allahın razılığını və Cənnəti qazanmaq olmalıdır. Bütün sınaqlar da Uca Allahın razılığını və Cənnəti qazanmaq üçün vasitədir. "Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir". (Ali-İmran, 185).

Yalnız Allaha şikayət etmək, insanlara isə şikayət etməmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kimə kasıblıq üz versə və o da bu barədə ətrafdakı insanlara şikayət etməyə başlasa, onun bəlası yüngülləşməyəcək. Kimə kasıblıq üz versə və o da bu haqda Allaha şikayət etsə, Allah gec və ya tez bu bəlanı ondan uzaqlaşdıracaq". (Əbu Davud, №: 1645).

Peyğəmbərin öyrətdiyi duaları oxumaq: "Allahummə inni ab'dukə, ibnu ab'dikə, ib'nu əmətikə, nasıyəti biyədikə, məədın fiyyə hukmukə, ad'lun fiyyə qada­ukə, əs'əlukə bikulli ismin huva ləkə, səm­meytə bihi nəfsəkə, əv ənzəltəhu fi kitə'bi­kə, əv alləmtəhu əhədən min xalqikə, əv istə'sərtə bihi fi ilmi-l-ğaybi indəkə, ən təc'alə-l-Qur''əənə rabiia' qalbi, va nuura sad'ri, va cələə-ə huzni, va zəhəəbə həm­mi - Allahım! Mən Sənin qulunam, qulu­nun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalx­ması və  kədərimin getməsi (üçün səbəb) et!" (Əhməd, 1/391). Həmçinin oxuyun: Üzüntü və kədər anında oxunan dua

Teqlər: 
Paylaş: