Aldığımız əşyaların şəklini çəkib sosial şəbəkələrə qoya bilərikmi?

    09.11.2014
Sual: 
Salam aleykum, sosial sebekelerde hemise cahiller aldiqlari yeni esyalari cekib qoyurdu, indi ise muselmanlara kecib bu. Zennimce bu dogru deyil, cunki bir nefer eger aldigi yeni esyani cekib qoyursa basqasida onu isteye biler,almaga imkani olmayanlarda ureylerinden kecirde biler. Ne meslehet gorerdiz onlara?
Cavab: 

Aleykum salam. Zərurət olduqda əşyaların şəklini çəkib başqalarına göstərmək olar. Öyünmək məqsədilə isə aldığı əşyaların, getdiyi yerlərin, mindiyi miniklərin, yediyi yeməklərin və s. şəklini çəkib başqalarına göstərmək olmaz. Uca Allah Quranda möminlərə dünyanın fani, keçici bər-bəzəyinə aldanmamağı, Cənnət üçün çalışmağı buyurmuşdur: "Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir". (əl-Hədid, 20).
"Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır". (Ta Ha, 131).

Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Vallahi, mən sizin kasıb və ehtiyac içində olmağınızdan deyil, sizdən əvvəlkilər kimi dünya və dünya nemətlərinin sizin önünüzə sərilməsindən, onların dünya nemətlərinin dalınca qaçdığı kimi, sizin də bir-birinizlə çəkişməyindən və dünya malının onlar kimi, sizi də həlaka sürükləməsindən qorxur və ciddi narahat oluram". (Səhih əl-Buxari "Kitab ər-Riqaq", 7; Səhih Muslim "Kitab əz-Zuhd", 6).
Təəssüf ki, günümüzdə bir çox insanlar keçici dünya nemətlərinə aldanaraq günahlara meyl edirlər. Dünya nemətlərini əldə etmək üçün günaha girməklə yanaşı, bununla öyünərək təkəbbür, riya kimi böyük günahlara da yol açırlar. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "...Qəlbində zərrə qədər təkəbbür olan Cənnətə girməz...". (Səhih Muslim, №: 91; ət-Tirmizi "Kitabul-Birri vas-Sıləti" Bab: "Məə Cəə fil-Kibri", №: 1998-1999; Əbu Davud "Kitabul-Libas" Bab: "Məə Cəə fil-Kibri", №: 4091; İbn Məcəh "əl-Muqadimmə", №: 59).
Riya (göstəriş) isə şirkin kiçik növlərindən biridir ki, əməlləri puç edir. Şəddad ibn Avs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi va səlləm) buyurub: "Ümmətim üçün qorxub ehtiyat etdiyim əməllərdən biri də riyadır. O, hansı əmələ daxil olarsa, onu puç edər". (İmam Əhməd "əl-Musnəd", 5/429; əl-Albani "Səhih əl-Cami", №: 155; İbn Məcəh "Sunən", №: 4205).
Halbuki, əslində bu müsəlmanlar öyünmək əvəzinə, özləri üçün istədiklərini digər müsəlmanlar üçün də istəməli idilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizlərdən hər hansı biriniz özünə istədiyini müsəlman qardaşına istəməyincə, kamil iman gətirmiş sayılmaz". (Səhih əl-Buxari "əl-İman", 1/14, №: 13; Səhih Muslim "əl-İman", 1/67, №: 45; Sunən ət-Tirmizi "Sifətul-Qiyaməti var-Raqaiqi val-Vərai", №: 2515; Sunən ən-Nəsasi "əl-İman və Şəraiİhi" 5016-5017; Musnəd İmam Əhməd "Baqi Musnəd əl-Muksirin", 3/176, 3/206, 3/251, 3/272; Sunən əd-Darimi, №: 2740).

 

Paylaş: