Sübh namazından sonra yatmaq olarmı?

    09.04.2015
Sual: 
Salam aleykum. 1)Subh namazini qildiqdan sonra yatmaq olarmi? 2)Isha namazinin vaxti ne vaxt chixir?
Cavab: 

Aleykum salam. Sübh namazından sonra yatmaq olar, çünki bunu qadağan edən ayə və ya hədis yoxdur. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) və onun səhabələri (Allah onlardan razı olsun) sübh namazından sonra yatmamışlar, çünki bu, bərəkətli vaxtdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) öz ümməti üçün Allahdan xeyir-bərəkət diləyib demişdir: "Allahım, ümmətimin hər gününün əvvəlinə bərəkət ver!" (Sunən Əbu Davud 2606).
Həmçinin demişdir: "Kim Sübh namazını camaatla qılar, sonra oturub günəş çıxana qədər Allahı zikr edər, sonra iki rükət namaz qılarsa, ona tam, tam, tam həcc və ümrə savabı yazılar". (ət-Tirmizi).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) döyüşə ordu göndərərkən həmişə səhər vaxtı göndərərdi. Səhabələr də ticarət üçün karvanları səhər yola salardılar.
Hər bir müsəlman dünya işləri və axirət üçün öz vaxtını xeyirli istifadə etməlidir, sübh vaxtı isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) duasına görə daha bərəkətlidir. Bu səbəbdən səhabələr səhər yatmağı xoşlamazdılar. Amma insan başqa vaxt lazım olan qədər yata bilməyibsə, onun səhər yatmasında heç bir qəbahət yoxdur. Rəvayət edilir ki, Xəlifə olarkən Ömər (Allah ondan razı olsun) Suheybin yanına gəldi, o isə yatmışdı. Ömər (Allah ondan razı olsun) Suheyb oyanana qədər gözlədi. Suheyb (Allah ondan razı olsun) oyandıqda dedi: "Möminlərin əmiri oturub gözləyir, Suheyb isə yatır!" Ömər (radıyəllahu anhu) dedi: "Sənin üçün faydalı olan yuxuya mane olmaq istəmədim". (İbn Əbi Şeybə "Musannəf", 5/223, №: 25454).
İşa namazının vaxtı gecənin yarısına qədərdir. Gecə yarısı isə məğrib namazından sübh namazına qədər olan vaxtın tən yarısıdır. Digər rəyə görə isə işa namazının vaxtı sübh namazına qədərdir.

Teqlər: 
Paylaş: